REGİONLAR
Səpini gecikən pambıq tarlalarında aparılan pilot layihədə yüksək nəticə əldə olunub VİDEO





Ağdam, 1 noyabr, AZƏRTAC
Pambıq bitkisinin becərilməsində kökdənkənar yemləmənin tətbiqi öz bəhrəsini verir. Ağdam rayonunda mütəxəssislər və fermerlər səpini gecikən pambıq tarlalarında apardıqları pilot becərmədə yüksək nəticəyə nail olublar.
Quzanlı qəsəbəsindən olan fermer Mürsəl Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il çiyid səpinini gec həyata keçirdiyi üçün yüksək məhsuldarlıq gözləməyib. Lakin mütəxəssislər onun sahəsində sınaq məqsədilə yeni pestisid və gübrələrdən istifadə ediblər ki, bu da yüksək məhsuldarlığa gətirib çıxarıb. “Mən çiyid səpinini gec apardığım üçün məhsuldarlığın aşağı olacağını düşünürdüm. Ancaq yeni pestisid və gübrələrin tətbiqi həm bitkilərin yaxşı inkişaf etməsinə səbəb olub, həm də onları Günəş yanıqlarından qoruyub, quraqlığa davamlı edib. Nəticədə barlı kollar yetişib. Hər hektardan orta hesabla 60 sentner məhsuldarlıq gözləyirəm”.
Bu sahə üzrə mütəxəssis olan Sahib Məmmədov bildirib ki, pambıq bitkisinin inkişaf müddətində 4 dəfə “Biostimul” universal, “Qumat kalium” və “Sink” məhlulu verilib. Bu preparatlar pambıq gənələrinə və pambıq qozasının sofkalarına qarşı pestisidlərlə birgə effektiv nəticə göstərir, eyni zamanda, bitkini Günəş şüalarından və quraqlıqdan qoruyur.
Digər mütəxəssis Damət Sultanov isə qeyd edib ki, həm fermerlərin, həm də mütəxəssislərin qarşısında duran əsas məqsəd pambığın məhsuldarlığının yüksəldilməsidir. İstər xəstəlik və zərərvericilərə qarşı pestisidlərin, istərsə də kökdənkənar yemləmənin tətbiqi, hətta gecikmiş sahələrdə belə yüksək nəticələrə gətirib çıxarır.