Arazın yeni qolunun ətrafında əkin dövriyyəsinə cəlb olunan torpaqlarda rejim-müşahidə şəbəkəsi yaradılır VİDEO
İmişli, 1 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi tərəfindən Araz çayının yeni qolunun ətrafında əkin üçün istifadəyə verilən torpaqlarda rejim-müşahidə şəbəkəsi qurulur. İlkin mərhələdə Sabirabad, İmişli, Biləsuvar rayonları üzrə 17300 hektar ərazini əhatə edən kollektor-drenaj sisteminin mövcud olduğu sahədə şəbəkə yaradılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Araz çayının yeni qolu üzərində 53 min hektar sahədə əkinə qaytarılan torpaqlarda meliorativ tədbirlərin yaxşılaşdırılması üçün işlər görülür. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəis müavini İlqar Namazovun sözlərinə görə, sahələrin 4350 hektarı İmişli, 5 min hektarı Sabirabad, 8500 hektarı isə Biləsuvar rayonu ərazisində yerləşir. Layihə üzrə Sabirabad rayonu ərazisində rejim-müşahidə şəbəkəsinin qurulmasına start verilib.
Hazırda rejim-müşahidə quyularının qazılması üçün hazırlıq işləri aparılır. Əvvəlcə idarənin topoqrafları tərəfindən rejim-müşahidə quyularının yeri, həmçinin quyuların mütləq yüksəklikləri və koordinatları, digər qazılacaq quyular arasında məsafələr təyin edilir. Daha sonra təyin olunan nöqtələrdə süxurların yatma ardıcıllığı və sulu layın qalınlığının müəyyənləşdirilməsi üçün torpaqdan nümunələr götürülür. Nümunələr qrunt suyunun formalaşma dərinliyindən götürülür, daha sonra laboratoriyaya göndərilərək analiz olunur. Layihəyə əsasən Sabirabad rayonu üzrə 50 quyunun qazılması planlaşdırılır.
Araz çayının yeni qolu üzrə İmişli rayonunda əkin üçün istifadəyə verilən suvarılan torpaqlarda isə artıq müşahidə şəbəkəsinin yaradılması üçün ilkin işlər başa çatıb. Hazırda müşahidə quyularının qazılması davam etdirilir. Kollektor-drenaj şəbəkəsi qurulan ərazidə hər 100 hektar sahəyə bir, şəbəkə olmayan ərazidə isə 220 hektar sahəyə bir quyunun qazılması nəzərdə tutulur. Layihəyə əsasən İmişli rayonunda əkin üçün yeni istifadəyə verilən torpaqlarda 40 quyu qazılacaq. Ümumilikdə isə 17300 hektarda 170 quyunun qazılması planlaşdırılır. İşlərin vaxtında və optimal müddətdə başa çatdırılması üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.