REGİONLAR
Mingəçevirdə Vətən müharibəsi dövründə dağılmış evlər təmir olunub VİDEO
Mingəçevir, 1 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən Mingəçeviri raket atəşinə tutması nəticəsində şəhərdə 40-dan çox evə ziyan dəyib. Prezident İlham Əliyevin tapşırığına əsasən dağılan evlərdən 1-i yenidən tikilib, 41-i təmir-bərpa olunub. Digər 2 evdə isə təmir işləri bitmək üzrədir.
AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı birləşmələrinin Mingəçevir şəhərində dinc əhalini atəşə tutması nəticəsində evi zərər görən sakinlərdən biri də Elşad Vəliyevdir. Onun şəhərin Bozdağ küçəsində olan evinin dam örtüyü, qapı-pəncələri, həyətyanı hasarı artilleriya atəşi nəticəsində yararsız vəziyyətə düşmüşdü. Elşad Vəliyev deyir ki, hadisədən sonra müvafiq komissiya tərəfindən evə baxış keçirilib, maliyyə vəsaiti ayrılaraq təmir-tikinti işləri görülüb. Artıq işlər yekunlaşıb. Ev sahibi görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Bozdağ küçəsində zərər görən evlərdən biri də Vüqar Cəfərova məxsusdur. O deyir ki, müharibə vaxtı gecə saatlarında atılmış raket onun da evinə zərər vurub. “Hadisədən sonra bizim evə də baxış keçirildi. Dövlətimiz sağ olsun, zərər dəyən yeri əvvəlkindən də yaxşı təmir ediblər”, - deyə Vüqar Cəfərov vurğulayıb.
Cəbhədə Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni hərbçilərinin dinc mülki əhalini atəşə tutması nəticəsində evi tamamilə dağılan sakinlərdan biri də Fəridə Ağasıyevadır. O, indi yeni tikilmiş evində yaşayır. Görülən işlərdən də razılıqla danışır: “Allah Prezidentimizi qorusun, onun sayəsində torpaqlarımızı düşməndən geri aldıq. Gördüyünüz kimi, evim də yenidən tikilib. Buna görə əziyyəti keçən hər kəsə minnətdaram”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 11 şəhər və rayon ərazisində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Bu şəhər və rayonlarda 13000-dən çox tikiliyə ziyan dəyib. Bugünədək 12000-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşıb.