REGİONLAR
Vətən müharibəsi şəhidi Rəşid Tahirov VİDEO
Beyləqan, 2 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İşğal altında olan torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyən Rəşid Tahirov Vətən müharibəsində bu arzusu uğrunda qəhrəmanlıqla savaşaraq şəhidlik məqamına yüksəldi. İndi Beyləqanda hər kəs Rəşidin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışır, onun qısa, lakin şərəfli ömür yolu gənclərə örnək göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tahirov Rəşid Loğman oğlu 1989-cu ildə Beyləqan rayonunun Qaradağlı kəndində əslən Qarabağdan olan Tahirovlar ailəsində dünyaya göz açıb. Onun uşaqlıq illərində ata-baba yurdu işğal altına düşsə də, Rəşid ötən illər ərzində torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb. Hələ yeniyetmə çağlarından vətənpərvərliyi, qorxmazlığı ilə fərqlənib, böyükdən-kiçiyə hər kəsin sevgisini qazanmışdı.
Ürəyi Vətən sevgisi ilə döyünən Rəşid həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanmışdı. Şəhidin anası Tamella Tahirova oğlu haqqında danışarkən bildirib ki, Rəşid Vətənin keşiyində dayanarkən yüksək xidməti ilə fərqlənmişdi. Əsgərlikdən qayıtdıqdan sonra da hər zaman Vətənin harayına səs verməyə hazır idi. Onun ən böyük arzusu torpaqlarımızı azad görmək və döyüşlər başlayarsa, cəbhəyə ilk yollananlar sırasında yer almaq idi. Belə də oldu, döyüşlərin ilk günündə düşmən təxribatına qarşı əks-hücumda Rəşid də iştirak etdi və qəhrəmanlığı ilə seçildi.
Şəhid atası Loğman Tahirov isə qeyd edib ki, Rəşid döyüşlər başlamazdan əvvəl təlim toplanışında olub. “Rəşidin ilk döyüş yolu Füzuli istiqamətindən başladı. İlk azad olunan kəndlərin alınmasında oğlumun da payı var. O, ən böyük arzusuna qovuşdu, 30 illik Vətən həsrətinə son qoyuldu. Oğlum şəhid olsa da, arzusu həyata keçdi. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə o əlavə edib.
Rəşid Tahirov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmsına görə” medalları ilə təltif olunub.