Səbail rayonunda narkotik vasitə satışı ilə məşğul olan iki nəfər tutulub VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə və 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Elvin Bədəlov Badamdar qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman tutulub. Onun üzərində axtarış aparılarkən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Elvin Bədəlov ifadəsində narkotik vasitələri Ruhin adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə narkotik vasitəni satan Oğuz rayon sakini Ruhin İbrahimov da saxlanılaraq istintaqa təqdim edilib. R.İbrahimovun mənzilinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 43 qram olan satış üçün saxladığı marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin hər biri izahatlarında Səbail və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.