Polis əməkdaşları Sabunçu rayonunda genişmiqyaslı əməliyyatlar keçiriblər VİDEO
Son bir ayda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 61, oğurluqlar edən 6 nəfər saxlanılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının cari ilin oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27-si haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. Həmçinin 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan 8 nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimələniblər. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus 2223 metr uzunluğunda yeraltı kabellər oğurlayan şəxslər saxlanılıblar. Oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıblar. Aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.
Rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Nardaran qəsəbəsində marketlərdən birindən ümumi dəyəri 5000 manat olan 160 bağlama tütün məhsulları oğurlayan şəxslər yaxalanıblar. Əməliyyat zamanı həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulublar. Həmin şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa olunması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar tədbirləri davam etdirilir.