FHN: Ötən sutka ərzində 12 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları 12 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla doqquz nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda dərinliyi təqribən 25 metr olan su quyusuna düşərək həyati təhlükəli vəziyyətdə qalmış bir nəfər xilas edilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.