Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan şəxs yaxalanıb VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan şəxslərdən biri rayon polis idarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatının hissələrini oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan daha 10 sakindən polis bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da yaşadıqları evlərdən kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin bir ərazidə və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında bu oğurluqların eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan Ucar rayon sakini Nizar Qədirli rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub. O, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktlarla bağlı 6-cı polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Nizar Qədirlinin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya 102 - Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.