REGİONLAR
Xaçmazda yeni məşğulluq layihəsi çərçivəsində 7 hektar yaşıllıq zolağı salınıb VİDEO



Xaçmaz, 4 noyabr, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “DOST İş” Mərkəzi ilə birgə “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsi çərçivəsində Xaçmaz rayonunda 7 hektar ərazidə yeni yaşıllıq zolağı salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qarabağlı kəndində salınan yaşıllıq zolağında göyrüş ağacları əkilib.
Aksiya çərçivəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə ilə başa çatan Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən bütün şəhidlərin adına tinglər basdırılıb.
Bu günə kimi “DOST İş” Mərkəzi tərəfindən “Təbiəti qoruyaq” adlı məşğulluq layihəsinə 800 ictimai işçi cəlb olunub.
Layihənin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir.
Layihə çərçivəsində Milli parklarda və Şəhidlər xiyabanlarında nəzərdə tutulan işlər artıq başa çatdırılıb. Belə ki, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Beyləqan, Quba, Şamaxı, Tərtər və Bərdə rayonlarında yerləşən Şəhidlər xiyabanlarında təmizlik və abadlıq işləri aparılıb. Təmizlik işləri Göygöl və Maralgöl, Hirkan və Şirvan Milli parklarında da həyata keçirilib. Bu işlərə ümumilikdə 160 sosial işçi cəlb olunub.
Hazırda isə layihə çərçivəsində ağacəkmə aksiyalarına başlanılıb. 14 rayonda yerli iqlim şəraitinə uyğun ağaclar əkiləcək. Hər rayon üzrə 30 nəfər olmaqla ümumilikdə 420 nəfər “DOST İş” Mərkəzi tərəfindən bu aksiyaya cəlb olunacaq.