Türkiyənin milli təhsil naziri: Azərbaycan bizim üçün “Bir millət, iki dövlət” anlayışının qarşılığı olan bir ölkədir VİDEO
İstanbul, 4 noyabr, AZƏRTAC
Azərbaycan bizim üçün “Bir millət, iki dövlət” anlayışının qarşılığı olan bir ölkədir. Ölkələrimiz arasında bundan əvvəl olduğu kimi, indi də geniş əməkdaşlıq var və biz bu əməkdaşlığın davamlı olmasını istəyirik. Türkiyədə noyabrın 24-ü Müəllimlər Günüdür. Nəzərdə tutulan proqramda dəyişiklik olmasa bu vəsilə ilə noyabrın 25-də Türkiyənin Müəllimlər Günü münasibətilə Azərbaycana səfər edərək orada iki ölkə arasında birgə tədbirin keçirilməsi nəzərdə tutulur. Ziyarətimiz əsnasında, eyni zamanda, ölkələrimiz arasında hər yaş təbəqəsi üzrə təhsil sahəsinə aid əməkdaşlıqlarımızın daha da genişləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özər mediaya açıqlamasında bildirib.
Tədbirin mahiyyəti haqqında danışan nazir toplantının məhz Türkiyədə keçirilməsindən məmnunluq hissi duyduğunu ifadə edib: “Tədbir çox uğurlu keçdi. Belə toplantılarda ortaq coğrafiyamız, tariximiz və ədəbiyyatımız barədə biliklərimizi daha da artırmaq üçün çox əhatəli əməkdaşlıqlar qurulur. Bundan sonra da birgə elmi tədbirlərin təşkili, tələbə-şagird, eləcə də elm adamlarının mübadiləsi, universitetlərarası əməkdaşlıqların artırılması ilə ortaq dil və tariximizin təbliği istiqamətində vacib addımlar atılacağına əminəm. İndiyədək çox səmərəli şəkildə davam edən Türk Şurası təhsil nazirlərinin toplantıları bu gün də uğurlu oldu və vacib qərarlara imza atıldı. Mən burada Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına rəhbərlik etmiş azərbaycanlı həmkarıma da minnətdarlığımı bildirirəm. Bu gün qəbul edilən qərarla sədrlik Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə keçdi. “Bir millət, iki dövlət” şüarını əsas götürərək bu sahə üzrə Azərbaycan təcrübəsindən faydalanmaqla təhsil sahəsində daha uğurlar addımlar atacağımıza inanıram. Bundan sonrakı toplantılarımızda da bütün uşaqlarımıza və gənclərimizə yaşadığımız coğrafiya, buradakı tarixi simalar, bu günlərə nə cür gəlib çatdığımız ortaq tarix anlayışı və gələcəyə hansı konseptdən baxılacağı ilə bağlı ortaq düşüncənin yaradılması istiqamətində atılacaq addımlarla bağlı qərarların qəbul ediləcəyinə inanıram”.
Tədbirdə iştirak edən bütün nazirlərə minnətdarlığını ifadə edən Mahmut Özər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Şurasına böyük əhəmiyyət verdiyini və burada qəbul olunan qərarların noyabrın 12-də ölkə rəhbərləri tərəfindən dəyərləndirilərək gələcək planlamalar ediləcəyini bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul