REGİONLAR
Şabranın Uzunboyad kəndində yeni məktəb binası inşa olunur VİDEO
Şabran, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun Uzunboyad kəndində 264 şagird yerlik ikimərtəbəli məktəb binası inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binada 12 sinif otağı, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt zalı, kitabxana və yeməkxana olacaq.
Səməndər Musayev adına Uzunboyad tam orta məktəbi üçün yeni binanın tikintisinə cari ilin fevral ayından başlanılıb. Hazırda binanın birinci mərtəbəsi inşa edilir.
Məktəbin direktor müavini Nail İsmayılov bildirib ki, yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Əvvəlki bina məktəb kimi 65 il öncə istifadəyə verildiyindən müasir tələblərə cavab vermirdi.
İnşa olunan yeni təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Uzunboyad tam orta məktəbi üçün yeni məktəb binasının tikintisinin 2022-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulub.