MƏDƏNİYYƏT
Xarkovda azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla vida mərasimi keçirilib VİDEO
Xarkov, 20 noyabr, AZƏRTAC
Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovla Xarkov şəhərində vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Xarkov şəhər merinin birinci müavini Aleksandr Novak, merin səhiyyə məsələləri üzrə müavini Svetlana Qorbunova Ruban, ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, ikinci katibi Samir Allahverdiyev, Azərbaycan və Qazaxıstanın Xarkovdakı fəxri konsulları Əfqan Salmanov, Emin Nəcəfov, Xarkov Diplomatik Akademiyasının fəxri prezidenti Sergey Çernov və Azərbaycanın diaspor rəhbərləri, soydaşlarımız iştirak ediblər.
Mərasimdə çıxış edən merin birinci müavini Aleksandr Novak bildirib ki, Seyfəddin Qurbanov Xarkov şəhəri, ümumilikdə Ukrayna mədəniyyətində silinməz iz qoyub. Onun əsərləri Xarkova xüsusi gözəllik verir. O bildirib ki, Seyfəddin Qurbanov Ukrayna və Azərbaycan arasında mədəniyyətin inkişafında körpü rolunu oynayırdı.
Xarkov şəhər merinin müavini Svetlana Qorbunova Ruban deyib ki, Seyfəddin Qurbanov kimi tanınmış heykəltəraşın itkisi Ukrayna üçün böyük itkidir. Onun itkisi sənətkarın arzularını, gələcəkdə ərsəyə gətirəcəyi əsərlərini yarımçıq qoydu. Seyfəddin Qurbanov Ukrayna və Azərbaycan mədəniyyətinə qiymətli əsərlər bəxş edən xalqına, Vətəninə, seçdiyi sənətə sadiq sənətkar idi.
Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Sabir Rzayev çıxışında bildirib ki, Seyfəddin Qurbanovun vaxtsız itkisi Azərbaycan və Ukrayna xalqları üçün böyük itkidir. Bu qüdrətli heykəltəraşın müxtəlif süjetli kompozisiyaları Ukraynanın meydanlarını, parklarını daha da baxımlı, yaraşıqlı edir. “İnanıram ki, Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdiriləcək”, - deyə Sabir Rzayev əlavə edib.
Daha sonra vida mərasimində çıxış edən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Diplomatik Akademiyasının fəxri prezidenti Sergey Çernov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Murad Ömərov və digərləri heykəltəraşın həyat və yaradıcılığı barədə ətraflı danışıblar.
Qeyd edək ki, Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinin rəhbəri olmuş Seyfəddin Qurbanov noyabrın 16-da Türkiyənin Alaniya şəhərində koronavirusdan dünyasını dəyişib.
Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.
1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti idi. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", "Nəsimi", "Müslüm Maqomayev", İrpensk şəhərindəki "Zərifə Əliyeva", Xarkov şəhərindəki Mirzə Fətəli Axundzadənin də heykəlinin olduğu "Filosoflar", Sloveniyada "Nizami Gəncəvi" və digər abidələrin müəllifidir.
2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov