ELM VƏ TƏHSİL
STEAM Azərbaycan layihəsi 100 mindən çox şagirdi əhatə edir VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
STEAM Azərbaycan layihəsi 300-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edir. Layihə çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.
Bunu AZƏRTAC-a açıqlamasında STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib. O bildirib ki, STEAM Azərbaycan Festivalının rəsmi açılışından sonra kateqoriyalar üzrə yarışlara start veriləcək. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.