REGİONLAR
Sabirabadda şəhid və qazilərimizin tanıdılması məqsədilə “Vikipediya klubu” yaradılıb VİDEO








Sabirabad, 10 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda Vətən müharibəsi şəhidlərinin tanıdılması və onlar haqqında məlumatların paylaşılmasında məktəbli şagirdlərin də əhəmiyyətli rolu var. Həmin şagirdlər “Şəhid və qazilərimizin tanıdılması məqsədi ilə “Vikipediya klubu”nun yaradılması” layihəsi üzrə təlimlərdə iştirak edərək, 18 şəhid haqqında araşdırma aparıb və dolğun məlumatlarla “Vikipediya klubu”nda şəhidlərimiz haqqında ətraflı məlumatlar bölüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində qalib gələn “Şəhid və qazilərimizin tanıdılması məqsədi ilə Vikipediya klubunun yaradılması” layihəsi başa çatıb. Layihə üzrə təlimlər Sabirabadın Balvar kəndində keçirilib. Üç ay icra müddəti olan layihə üzrə 5 təlim keçirilib.
Layihənin yekun tədbirində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri Nurlana Xəlilova bildirib ki, layihənin əsas məqsədi Sabirabad rayonundan Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın tanıdılması, onlar haqqında ətraflı məlumatların paylanılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsindən ibarətdir. Sabirabad rayonu Vətən müharibəsində 45 şəhid verib. Onlardan 18 nəfəri haqqında vipikediyada məlumatlar olmadığı üçün şagirdlər tərəfindən həmin şəhidlərin həyat yolu və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar barədə araşdırma aparıldı. Əldə olunan məlumatlar “Vikipediya klubu”nda paylaşıldı. Layihə üzrə keçirilən təlimlərdə 7-10-cu siniflərdən olmaqla 10 şagird iştirak edib.
Layihədə iştirak edən şagirdlər gördükləri işlərdən qürur duyduqlarını bildiriblər.
Təlimlərin son günündə məktəblilərlə qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin şəhidlərimiz haqqında məlumatların yer aldığı kitab və bukletlər layihədə iştirak edən şagirdlərə təqdim edilib.