MƏDƏNİYYƏT
Azərbaycan Çində keçirilən ənənəvi xeyriyyə yarmarkasında təmsil olunur VİDEO
Pekin, 20 dekabr, AZƏRTAC
Azərbaycan Çində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında növbəti dəfə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İnin xanımı Çian Veyin təşəbbüsü ilə keçirilən beynəlxalq xeyriyyə yarmarkasının açılış mərasimində çıxış edənlər 2009-cu ildən etibarən hər il təşkil olunan beynəlxalq xeyriyyə yarmarkasının əsas məqsədinin Çinin yoxsulluqla mübarizəsinə töhfə vermək olduğunu qeyd edib. Qeyd olunub ki, bu platforma həm də ölkələrin mədəniyyətlərini və məhsullarını Çində tanıtmaq üçün bir imkan yaradır.
Təşkilatçılar COVID-19 pandemiyasının yaratdığı vəziyyəti nəzərə alaraq, ötən il olduğu kimi, bu il də iştirakçı ölkələrin məhsullarının satışını elektron ticarət platformalarında reallaşdırmağa qərar verib. Xeyriyyə yarmarkasına ölkələr tərəfindən təqdim edilmiş məhsulların "Alibaba" şirkətinin elektron ticarət platformalarında satışı həyata keçirilir. Onlayn satışda Azərbaycan məhsulları da təqdim olunur. Bu satışlardan əldə olunan vəsait Yunnan vilayətinin Cinpin və Malipo qəsəbələrində səhiyyə layihələrinə yönəldiləcək.
Qeyd edək ki, Azərbaycanın Çindəki səfirliyi ənənəvi "Sevgi sərhəd tanımır" yarmarkasında ölkəmizi təmsil edir. Bundan başqa, fəaliyyətində humanitar məsələləri hər zaman diqqətdə saxlayan Heydər Əliyev Fondu əvvəlki illərdə “Sevgi sərhəd tanımır” xeyriyyə yarmarkasında Azərbaycanın iştirakına dəstək verməklə yanaşı, bu təşəbbüs çərçivəsində Yunnan vilayətinin ucqar Malipo qəsəbəsindəki 2 nömrəli məktəbin idman meydançasının yenidənqurulması layihəsinə 500 min yuan məbləğində ianə edib. Rəmzi olaraq “Azərbaycan-Çin dostluq stadionu” adlandırılan həmin meydanda uşaqların idmanla məşğul olması üçün zəruri şərait yaradılıb. Bu nəcib təşəbbüs Heydər Əliyev Fondunun uşaqlara qayğısının göstəricisi olmaqla yanaşı, uzaq Çində Azərbaycana olan hörmətin və rəğbətin çoxalmasına səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin