2005-Cİ İL AĞDAŞIN SOSİAL-İQTİSADİ HƏYATINDA ƏLAMƏTDAR OLMUŞDUR
Rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyevin hesabat məruzəsində ölkəmizin sosial-iqtisadi sahələrdə qazandığı böyük uğurlar, Azərbaycan Prezidentinin hər bir bölgənin tərəqqisinə göstərdiyi diqqət və qayğı, bununla bağlı yerlərdə böyük iqtisadi layihələrin həyata keçirilməsinə verdiyi dəstəyin Ağdaşda da əldə olunan müvəffəqiyyətlərin rəhni olduğu vurğulanmış, Prezident İlham Əliyevin 2005-ci il iyulun 7-də rayonda olarkən dediyi: “Ağdaşda gedən quruculuq, abadlıq işləri məni çox sevindirir və hesab edirəm ki, biz buraya böyük diqqət, kömək göstərməliyik” – sözlərinin real işlərə verdiyi yüksək qiymət kimi səciyyələndirilmişdir.
Məruzəçi və çıxış edənlər bu qayğının, diqqətin real nəticələrindən konkret faktlar gətirmiş, göstərmişlər ki, həyata keçirilən və keçirilməkdə olan layihələrin əksəriyyəti rayonun sosial infrastrukturunun yeniləşməsinə, insanların maddi rifahının, həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Məsələn, ötən il Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən 2006-cı ildə şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaqdır. Ümumi dəyəri 12,5 milyon ABŞ dolları olan bu layihəyə əsasən, şəhərdə 3 su anbarı tikiləcək, artezian quyuları qazılacaq, 48 kilometr uzunluğunda kanalizasiya sistemi qurulacaq, 2 nasos stansiyası tikiləcəkdir. Ağdaşda keçən il təməli qoyulan olimpiya-idman kompleksinin tikintisi də dövlətimizin başçısının bölgə əhalisinin firavan, sağlam yaşayışına töhfəsi kimi qiymətləndirilmişdir.
Qeyd edildi ki, hesabat ilində əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə rayonda 2x16MVA gücündə 110\035\010 kv-luq “Ağdaş” elektrik yarımstansiyası tikilib istifadəyə verilmiş, yeni elektrik xətləri çəkilməklə “Pirəzə”, “Pirkəkə”, “Kükəl”, “Xosrov” kənd yarımstansiyaları mərkəzə qoşulmuşdur.
Rayonun təbii qazla, təsərrüfat suyu ilə təchizatı məqsədi ilə xeyli işlər görülmüş, xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, nəticə etibarilə tibbi xidmətin yaxşılaşdırılması, telefon rabitəsinin günün tələbləri səviyyəsinə qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bildirildi ki, 2005-ci il Ağdaşda geniş tikinti-quruculuq, abadlıq ili kimi yadda qalacaq. Hesabat ilində rayonda 5 milyon 275 min manat dəyərində tikinti-quraşdırma, abadlıq və yaşıllaşdırma işləri görülmüş, bu müddətdə ümumi yaşayış sahəsi 11,4 min kvadratmetr olan 1 milyon 228 min manat dəyərində 116 fərdi ev tikilmişdir.
Yığıncaqda keçən il istifadəyə verilmiş “Ərəş” regional ticarət mərkəzi kimi yeni istehsal və xidmət obyektlərinin, “Orelay” şirniyyat məhsulları, “Arşınmalçı” tikiş və trikotaj məhsulları istehsal edən müəssisələrin fəaliyyətinin genişləndirilməsi sayəsində yüzlərlə yeni iş yerlərinin açıldığı qeyd olunmuşdur. Göstərilmişdir ki, hesabat dövrdə rayonda 2520 iş yeri açılmışdır ki, bundan 1033-ü daimidir. Daimi iş yerlərinin 1021-i yeni fəaliyyətə başlamış müəssisə, təşkilat və xidmət sahələrinin, 12-si isə fəaliyyəti bərpa edilmiş obyektlərin hesabınadır.
Hesabatda rayon iqtisadiyyatında aparıcı sahə olan aqrar bölmədə qazanılmış nailiyyətlər də ətraflı təhlil edilmiş, göstərilmişdir ki, 2005-ci ildə 12 min hektar sahədən 37 min ton taxıl istehsal olunmuşdur. Bu inişilki göstəricidən 3,7 min ton çoxdur. Hər hektarın məhsuldarlığı 1,5 sentner artaraq 30,8 sentnerə çatmışdır.
Qaramalın sayı 64,2 min, davarların sayı isə 80 min başa çatmış, il ərzində diri çəkidə 8,6 min ton ət, 26,9 min ton süd, 8,6 milyon ədəd yumurta, 116,5 ton yun istehsal olunmuşdur.
Rayonda habelə, pambıq, meyvə-tərəvəz, çəltik, qeyri-ənənəvi sahə olan kartof istehsalı da xeyli artmışdır.
Qazanılan nailiyyətləri dövlət aqrar siyasətinin uğurlu nəticələri kimi dəyərləndirən natiqlər hesabat ilində “Aqrotexservis” xidmətinin yaradılmasının, özəl taxıl toxumçuluğu təsərrüfatlarının fəaliyyətlərinin genişləndirilməsinin kənd təsərrüfatı məhsulları istehsalının intensiv artımında müsbət rolunu qeyd etmişlər.
Hesabatda mövcud nöqsanlardan, bu nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz vəzifələrdən bəhs olunmuşdur.
İclasda Nəqliyyat Nazirliyi Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərov, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Çingiz Əsədullayev çıxış etmişlər.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Geniş şura iclasında Prezidentin İcra Aparatının məsul işçisi Nuriddin Hüseynov iştirak etmişdir.