REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Gününə hazırlaşır VİDEO
Qusar, 16 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Gününə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli teatrımızın yaranmasının 149-cu ildönümünü münasibətilə tamaşaçılara Azərbaycan və ləzgi dillərində xüsusi kompozisiya təqdim ediləcək.
Bayram tədbirində kollektiv Mirzə Fətəli Axundzadənin sevilən səhnə əsərlərindən parçalar nümayiş olunacaq. Kompozisiyada müxtəlif tamaşalardan hissələrlə yanaşı, milli rəqslər, folklor nümunələri, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.
Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov bildirib ki, pandemiya dövrü ilə əlaqədar qoyulan məhdudiyyətlər aradan qalxandan sonra kollektiv bir sıra tamaşaları hazırlayıb. İlk növbədə, tamaşaçılara Vətən müharibəsinə həsr olunan iki səhnə əsəri təqdim olunub. Hazırda Milli Teatr Günü üçün hazırlanan xüsusi kompozisiyanın məşqləri davam edir, dekorasiya qurulur. Bundan başqa, mart ayının 27-də Qusar Dövlət Ləzgi Dram Teatrında “Açıq qapı günü” keçiriləcək. Tamaşaçılar həmin gün səhnə əsərlərini pulsuz izləyə biləcəklər.
Teatrın quruluşçu rejissoru Bağır Əhmədov qeyd edib ki, kollektiv balaca tamaşaçılarını da unutmayıb. Onlara üçün “Tıq-tıq xanım” nağılı əsasında hazırlanan tamaşa təqdim olunacaq.
Milli Teatr Günü ilə əlaqədar tamaşaçılar Qusar Mədəniyyət Sarayında multikulturalizmi təbliğ edən folklor nümunələri və yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən sərgini izləmək imkanı da qazanacaqlar.
Qusar Dövlət Ləzgi Dram Teatrı 30 əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verir. Teatr fəaliyyətdə olduğu illər ərzində 100-dən çox səhnə əsərini tamaşaçılara təqdim edib.