Ağdamın “Alıbəyli-2” qəsəbəsində məktəb binası əsaslı təmir edilib VİDEO
Ağdam, 18 fevral, AZƏRTAC
Ağdam rayon “Alıbəyli-2” qəsəbəsindəki 96 şagird yerlik məktəb binası əsaslı təmir edilib.
Tikintidə iş icraçısı Aslan Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəb binasının bünövrəsində bərkitmə işləri aparılıb, dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib, suvaq, rəngsaz işləri həyata keçirilib, müasir tipli istilik sistemi qurulub. Məktəbin həyətində içməli, çirkab, yanğın əleyhinə su anbarları, qazanxana və sanitar qovşaq tikilib, yerə asfalt örtük döşənib, abadlıq işləri aparılıb. Yaxın günlərdə məktəb lazımi mebel və avadanlıqlarla təchiz ediləcək.
Məktəb binasının əsaslı təmir olunması müəllimlərin, şagirdlərin və valideynlərin sevincinə səbəb olub. Qəsəbə sakini Elmir Əzimov sevincini bölüşərək deyib: “Qəsəbəmizin məktəbi qəzalı vəziyyətdə idi. Bu isə dərsin keyfiyyətinə təsir edirdi. Mənim iki övladım bu məktəbdə təhsil alır. Odur ki, məktəb binasının əsaslı təmir edilməsi bir valideyn kimi məni sevindirir. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.