REGİONLAR
Salyanlı məktəbli yeni düstur kəşf edib FOTO VİDEO
Salyan, 21 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Salyanlı şagird İsmayıl Məmmədzadənin irəli sürdüyü yeni riyazi düstur maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Salyanda Yavər Qafarov adına şəhər 8 saylı orta məktəbin 9-cu sinfində təhsil alan İsmayıl Məmmədzadə əksər fənləri yaxşı oxuyur. Ən çox sevdiyi dərs isə riyaziyyat fənnidir. İsmayılı yaşıdlarından fərqli edən onun düşünmə bacarığının güclü olmasıdır. Məhz bu qabiliyyəti sayəsində o, yeni riyazi düstur kəşf edib. Buna baxmayaraq, məktəbli bu düsturda müəyyən qüsurların olduğunu da deyir: “Mən bu düsturu çoxdan fikirləşirdim. Çevrə haqqında mövzu keçdikdə bu düstur ağlıma gəldi. Düsturda çevrənin diametrini tapmaq istəyirdim. Onu dəftərə yazdım və müəllimlərimə göstərdim. Bilirəm ki, düsturda bəzi qüsurlar var və gələcəkdə çalışacağam onları düzəldim. Gələcəkdə bu sahədə daha çox düstur işləyəcəyəm”.
Hədəfləri böyük olan İsmayıl gələcəkdə riyaziyyat elminə töhfələr verərək, ölkəmizi dünyada tanıtmaq arzusundadır. “Texniki fənlər üzrə bir çox görkəmli alimlərimiz olub. Azərbaycanı dünyada tanıdıblar. Bu alimlərdən biri də Lütfi Zadədir. Mən də onlar kimi ölkəmi dünyada tanıtmaq istəyirəm. İstərdim ki, yeni ixtiralarımla, Azərbaycanı bir çox ölkələrdə təmsil edim”, - deyə o vurğulayır.
İsmayılın təhsil aldığı 9 “a” sinfinin şagirdləri dəqiq fənləri daha həvəslə oxuyurlar. 42 ildir riyaziyyat fənnini tədris edən Südabə Qafarova deyir ki, bu sinifdə riyaziyyat fənnini sevən şagirdlər çoxdur: “Dərs dediyim 9 “a” sinfində təkcə İsmayıl yox, o biri şagirdlər də riyaziyyatı çox sevirlər. Daha çox həvəs göstərirlər. Mən arzu edərdim ki, bütün uşaqlar riyaziyyata daha çox fikir versinlər və gələcəkdə bu sahədə öz layiqli yerlərini tutsunlar”.
Qeyd edək ki, bu düstur nəzəriyyədə isbatlanmasa da, onun əsasında qoyulan məsələnin praktik riyazi həllini almaq olur. Mütəxəssislərin fikrincə, şagirdin fərziyyə kimi irəli sürdüyü düstur daha da təkmilləşdirilsə, riyaziyyat elmində yenilik olar.