İmişlinin Məmmədli kəndində modul tipli məktəb istifadəyə verilib VİDEO
İmişli, 21 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İmişlinin ucqar kəndlərindən olan Məmmədlidə modul tipli məktəb istifadəyə verilib. Yeni məktəbdə şagirdlərin təlim tədrisi üçün lazımi şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonu Məmmədli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Mahir Mirzəyev adına olan məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəb kollektivi kənd sakinləri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Məmmədli kəndində fəaliyyət göstərən əvvəlki məktəb binası 1988-ci ildə istifadəyə verilib. Bir neçə dəfə cari təmir aparılsa da, bina tələblərə cavab vermədiyi üçün yeni modul tipli məktəbin inşasına başlanılıb. Qısa müddətdə tikintisi başa çatdırılan məktəb kollektivin ixtiyarına verilib. Yeni məktəb binasında 9 sinif otağı, kitabxana, fənn kabinələri, laboratoriya və digər xidməti otaqlar mövcuddur. Tikili müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, eyni zamanda, müşahidə kameraları quraşdırılıb. Yeni bina 96 şagird yerlikdir.
Daha sonra məktəbdə yaradılan şəraitə baxış keçirilib.