İDMAN
2021-ci il mövsümündən başlayaraq Formula 1-də mükafatların paylanması layihəsi açıqlanıb
![2021-ci il mövsümündən başlayaraq Formula 1-də mükafatların paylanması layihəsi açıqlanıb](/files/2019/2/1200x630/15599993591345053040_1200x630.jpg)
Bakı, 8 iyun, AZƏRTAC
2021-ci il mövsümündə texniki reqlamentə dəyişikliklərlə yanaşı, idman reqlamentinə də dəyişikliklər gözlənilir. Məsələn, komandalara mükafat pullarının paylanmasının yeni sxeminin qaralama variantları göndərilib. 2021-ci ildən mükafat pullarının dörd sütun üzrə paylanması nəzərdə tutulub.
AZƏRTAC “RaceFans”a istinadla xəbər verir ki, birinci sütunda bütün mükafat pullarının yarısı göstəriləcək. Bu pullar komandalar, o cümlədən yarışa yeni qatılan komandalar arasında bölünəcək. Halbuki hazırda komandalar mövsümün ilk üç çıxışına görə mükafat almırlar. İkinci sütunda mükafatlar mövsümün yekunlarına əsasən qazanılan yerdən asılı olaraq paylanacaq: qalib komandaya ümumi məbləğin 18 faizi, 10-cu yeri tutan komandaya isə 2 faizi çatacaq.
Üçüncü sütun tarixi komandalara bonusların ödənilməsi qaydalarına dəyişikliklər olunmasını nəzərdə tutur: bundan sonra bonuslar üç ən yaxşı komandaya veriləcək, mükafat pullarının məbləği komandanın son on ildə çempionatı ilk üç komanda sırasında neçə dəfə başa çatdırmasından asılı olacaq.
Dördüncü sütunda “Ferrari” komandası üçün bonuslar nəzərdə tutulacaq. Lakin bonusların məbləği iki dəfə azaldılacaq, yəni indi 70 milyon dollar əvəzinə yalnız 35 milyon dollar veriləcək. İtaliya komandası əldə etdiyi pulları daha bolidin təkmilləşdirilməsinə xərcləyə bilməyəcək. Bundan əlavə, “Ferrari”nin veto hüququ saxlanılacaq, lakin bu hüquqdan istifadə imkanları məhdudlaşdırılacaq.