MƏDƏNİYYƏT
2026-cı ildə turizm xərcləmələri 4 dəfə artaraq 11,2 milyard manata çatacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib.
Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də söyləyib.
Agentlik sədri qeyd edib ki, əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və “keyfiyyətli” turizm destinasiyasına çevirməkdir.
“Hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır.
Hesab edirik ki, 2026-cı ildə cəmi turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin xərcləmələrinin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1.5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artma qeydə alınacaq”, - deyə Fuad Nağıyev söyləyib.