CƏMİYYƏT
Son bir ayda Suraxanıda keçirilən əməliyyatlar nəticəsində müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 75 nəfər saxlanılıb VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının son bir ayda keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aşkarlanan bütün faktlarla əlaqədar İdarənin istintaq şöbəsində cinayət işi başlanıb. Saxlanılan şəxslərin 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur və Əmircan qəsəbələrində evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb. Onların ərazilərdə 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərin birindən atəşə yararlı “Walter” markalı tapança və 4 patron da aşkarlanıb.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.