REGİONLAR
Vətən müharibəsi şəhidi Elvin İsmayılovun xatirəsi anılıb VİDEO
Beyləqan, 9 mart, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Elvin İsmayılovun xatirəsi anılıb. Beyləqanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Elvin İsmayılovun doğum günü onun məzarı önündə qeyd edilib. Anım mərasimində şəhidin ailəsi ilə birlikdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhidlərin xatirəsi sükutla anılıb. Məktəblilər Vətənə və qəhrəmanlara həsr edilən şeirlər söyləyiblər. Çıxış edənlər Elvinin şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, İsmayılov Elvin Tələt oğlu 1989-cu il martın 9-da Beyləqan rayonunda dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən Elvin gələcəkdə hərbçi olmaq arzusu ilə böyüyüb. Həqiqi hərbi xidmətini layiqincə yerinə yetirdikdən sonra müddətdən artıq xidmətçi olaraq Vətənin keşiyində dayanıb. Elvin Aprel döyüşlərində də qəhrəmanlığı ilə seçilib. Xidməti dövründə Azərbaycan Ordusunun yaranmasının 95 və 100 illik medalları ilə təltif edilib. Həmçinin “Qüsursuz xidmətə görə” medalına layiq görülüb.
Vətən müharibəsində ilk döyüşlərə qoşulanlar sırasında Elvin də yer alıb. Füzuli istiqamətində düşmənin keçilməz sədlərinin yarılmasında və cəbhədən gələn ilk qələbə xəbərində onun da payı olub. Növbəti tapşırığa uyğun olaraq Elvin silahdaşları ilə birlikdə Cəbrayıl torpaqlarının azad olunması istiqamətində hücum əməliyyatında iştirak edib. Cəbrayılın Nüzgar kəndi istiqamətində gedən döyüşdə şəhadətə yüksəlib.
Qeyd edək ki, şəhid Elvin İsmayılov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.