CƏMİYYƏT
Qala qəsəbəsində 220 metr uzunluğunda telefon-rabitə xətti oğurlayan şəxs yaxalanıb VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvafiq qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə edilən müraciətdə ümumilikdə 220 metr uzunluğunda naqilin oğurlanması barədə məlumat verilib.
Telefon-rabitə xəttini oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkarlanıb. O, naqilin qalan hissəsini isə əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı 3-cü polis şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Fərahim Əliyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə məlumat verə bilərlər.