Hacıqabulda və qonşu rayonlarda silsilə oğurluq edən dəstə saxlanılıb VİDEO
Hacıqabul, 10 mart, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 4 fərdi təsərrüfatdan xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vuran 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların Bərdə rayon sakinləri Etibar Vəliyev, onun qardaşı oğlu Təhmasib Vəliyev, bacısı oğlu Hüseyn Quliyev və sürücü olan həmyerlisi Elşad Əliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların daha iki rayon ərazisində - Kürdəmir və Bərdə rayonlarında ümumilikdə 4 təsərrüfatdan iri və xırdabuynuzlu heyvanları oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları və zərərçəkmişlərə maddi ziyan vurduqları müəyyən olunub. Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluqları etiraf ediblər.
Faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.