REGİONLAR
Torpaq çərşənbəsi Tovuzun Əyyublu kəndində xüsusi təmtəraqla qeyd olunur - REPORTAJ VİDEO
Tovuz, 15 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Bu gün sonuncu çərşənbə - Torpaq (İlaxır) çərşənbəsidir. İlaxır çərşənbədə təbiət oyanır, həyat canlanır, bitkilər çiçək açır. Bu günü ölkəmizin hər yerində xüsusi adət-ənənə ilə qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunun Əyyublu kəndində də Torpaq çərşənbəsi xüsusi təmtəraqla qeyd olunur, heç də Novruz bayramı şənliklərindən geri qalmır.
Çərşənbə gününün səhər saatlarından evlərdə artıq hazırlıqlara başlanır. Mətbəxlərdə bayram yeməkləri bişirilir. “Bizim qədim adət-ənənələrimiz var. İlaxır çərşənbədə şirniyyatlar bişirilir, yumurtalar boyanır, səməni ilə birlikdə xonçalara qoyulur. Bu çərşənbənin adətlərindən olan “qapı pusma” da indiyədək yaşadılır”, - deyə kənd sakini Nərgiz Mirzəyeva bildirib.
Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. İnanca görə, Axır çərşənbədə insanın əməli, niyyəti, nəfsi də təmizlənir. Bu gün süfrəyə yeməklərin şahı olan plov gətirilir. Bunun da səbəbi var. Çünki düyü bərəkət rəmzi sayılır. Süfrəyə yazın gəlişi, təbiətin oyanmasının nişanəsi olan səməni də qoyulur. Eləcə də şəkərbura, paxlava düzülür. Bu şirniyyatlar isə bolluğa işarədir. Axşam tonqal yandırırlar, ətrafa yığılan insanlar “ağırlığım, uğurluğum bu tonqalda yansın” deyib, od üzərindən atlanarlar.
Ən mühüm ayinlər isə axşam vaxtlarında icra edilir. Əyyublu kəndində hər il İlaxır çərşənbədə kəndin öz adəti var. Belə ki, sakinlər qəbiristanlığa ziyarətə gecə gedir, hər kəs dünyasını dəyişmiş əzizlərinin məzarı önündə şamlar yandırır.
“Kəndimizdə hər çərşənbədə böyük tonqallar qalanır. İlaxır çərşənbədə kənd sakinləri qəbiristanlığa gedər, dünyasını dəyişən əzizlərinin məzarlarını ziyarət edər, ruhuna dualar oxuyarlar. Qəbiristanlığa şamlarla, lopalarla gedilir, ətraf isə işıqlara qərq olur”, - deyə kənd sakini Abbas Abbasov vurğulayıb.
İlaxır çərşənbədə havanın necə olmasından asılı olmayaraq, insanlar yaz işlərinə başlayarlar, əkin sahələri suvarılar, bağlarda meyvə ağacları budanar. Təbiətdəki canlanma bu çərşənbədə xüsusilə hiss edilir. Səhər saatlarında quşların səsi, torpağın ətri insanın ruhunu oxşayır.
Bu çərşənbədə insanlar niyyət edib qapı pusarlar. Niyyətləri ilə qapı pusarkən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar.