REGİONLAR
Neftçalada kiçik həcmli gəmilər texniki baxışdan keçirilib VİDEO
Neftçala, 16 mart, Aydın Yavərzadə, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2022-ci il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 16-da Xidmət tərəfindən Neftçala rayonunun Kürkənd kəndi ərazisində Kür çayının sahilində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin böyük inspektoru Əlibala Əlizadə açıqlamasında bildirib ki, baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.
Texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 43 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Baxış nəticəsində norma və tələblərə cavab verən nəqliyyat vasitələrinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.