REGİONLAR
Vətən müharibəsi şəhidi Munis Abbaslının xatirəsi anılıb VİDEO
Beyləqan, 19 mart, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Munis Abbaslının doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Munis Abbaslının doğum günü onun məzarı önündə qeyd edilib. Şəhidin ziyarətində ailəsi ilə birlikdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanı və idarə-müəssisə əməkdaşları, döyüş yoldaşları, qazi və veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edənlər Munisin qısa və şərəfli olan ömür yolundan və döyüşdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, Abbaslı Munis Həbibullah oğlu 2000-ci ildə martın 18-də Beyləqan rayonunda dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən Munisin hərb sənətinə marağı olub. 18 yaşı tamam olanda Munis həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidməti dönəmində ayıq və sayıq sərhədçi olaraq Vətənin keşiyi çəkib. Xidmətini bitirdikdən sonra bir müddət mülki işdə çalışsa da, 2020-ci il iyul hadisələri zamanı Munis könüllü olaraq ordu sıralarına qayıtmağı qərara alıb. O, müddətdən artıq hərbçi kimi ön cəbhədə xidmətə başlayıb. 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsi zamanı Munis də ilk döyüşə atılanlar sırasında olub. Füzuli istiqamətində düşmən sədlərinin yarılması zamanı Munis şücaəti ilə seçilib. Düşmənin atdığı mərmi zamanı yaralanmasına baxmayaraq, o, döyüşdən geri çəkilməyib. Füzuli kəndlərinin alınmasında qəhrəmanlıq göstərib. Munis 14 oktyabr Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhid Munis Abbaslı Həbibullah oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.