Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və polislərin saxla əmrinə tabe olmayan sürücü həbs edilib VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Paytaxtın Səbail rayonunda “Range-Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin sürücü Xətai rayonunun “Neapol” dairəsi adlanan ərazisində də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb. Rayon polis idarəsinin 34-cü polis şöbəsinin əməkdaşları həmin sürücünün şəxsiyyətini müəyyənləşdiriblər. Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq polis şöbəsinə gətirilib. Onun barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunub.