REGİONLAR
Novruz bayramında tətil günləri ənənəvi olaraq ailəlikcə keçirilir – Qazaxdan reportaj VİDEO
Qazax, 23 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Bölgələrimizdə Novruz bayramı xüsusi təmtəraqla, hər yerin öz adət-ənənəsinə uyğun keçirilir. Qazaxda da ailələr Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.
AZƏRTAC Qazaxdan reportajı təqdim edir.
Bayram günlərində qohumlar, yaxınlar bir-birinə qonaq gedir, həmçinin evlərində qonaq qəbul edirlər. Bu, Novruzun qədimdən bu günümüzə gəlib çatan ənənələrindən biridir. Digər ənənə isə süfrələrə müxtəlif çeşiddə bayram təamlarının düzülməsidir. Qazax şəhərində evində qonaq olduğumuz Mahmudovlar ailəsi də səhər açılandan bayram hazırlıqlarını gerçəkləşdirir. Süfrəni səməni və şirniyyatlarla yanaşı, bayram yeməkləri də bəzəməlidir. Əlbəttə ki, süfrələrin şahı olan plov hazırlanır. Bunun da səbəbi var: düyü bərəkət rəmzidir. Yazın gəlişinin, təbiətin oyanmasının nişanəsi olan səməni də süfrədə ən başda qoyulur. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir. Ellada xanım da bayram süfrəsi üçün plov dəmləyib.
“Novruz bizim ən gözəl, ən sevimli bayramlarımızdan biridir. Bu, bizim milli bayramımızdır. Yazın gəlişi ilə insanlarda iş görməyə həvəs yaranır. Qonşularla bir yerə yığışıb şəkərbura, paxlava və digər şirniyyatlarımızı bişiririk. Bayram günlərinin hər biri olduqca maraqlı keçir. Zəngin adət-ənənəmiz var. Qonaq qəbul edib, qonaq gedirik. Tətil günləri maraqlı keçir. Novruz bayramının ən gözəl atributlarından biri aşdır. Süfrədə mütləq plov olmalıdır. Cücə, dolma, kabab bişirilməlidir. Evdə ən ləziz yeməklər bu günlərdə hazırlanır, - deyə Qazax sakini Ellada Mahmudova bildirib.
Novruz bayramı öz təmtərağı, hər bir evdə uşaqlı-böyüklü hər kəsin bayram ovqatı yaşaması ilə yadda qalır. Qədimdən bu günümüzə adət-ənənələr onlara riayət edilərək yaşadılır. Novruzda küsülülər barışar, ailə üzvləri bir yerə toplaşıb bayramı birlikdə qeyd edərlər. Qohum-əqrəbalar bir- birinin evinə baş çəkər. Elə bacısıgilə gələn Aidə Qocayeva kimi... Bayramda o da kiçik bacısının evinə qonaq gəlib.
“Kənddə yaşayıram. Bayramlaşmaq, təbrik etmək üçün bacımgilə qonaq gəlmişəm. Bu bayram günləri üçün bir çox adətlərimiz var. Küsülülər barışır, uşaqlar sevindirilir. Yaxınlar, dost-tanışlar, qohum-əqrəbalar bir-birinin evinə qonaq gedir. Yaşlı insanlara baş çəkilir. Bayram insanların bir araya gəlib sevinclərinə şərik olması, yeni ilin qarşılanması deməkdir”, - rayon sakini Aidə Qocayeva əlavə edib.
Bayramda süfrələrin təamlarla, şirniyyatlarla bəzədilməsi şərt deyil. Əsas məsələ insanların bir araya gəlməsi, deyib-gülüb şənlənməsidir. Novruz həm də adət-ənənələrin bir araya gəldiyi bayramdır. Ailələr isə Novruzu özünəməxsus şəkildə qeyd edir.
Bu bayramda insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruhla, sağlam əhvali-ruhiyyə ilə çıxmaq arzusunda olarlar.