REGİONLAR
Göyçayda ictimai yaşayış binasında yanğın olub VİDEO
Göyçay, 23 mart, AZƏRTAC
Göyçayda çoxmənzilli yaşayış binasında yanğın hadisəsi baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 29 saylı ünvanda yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, Fəridə Əsgər qızı Musayevaya məxsus ümumi sahəsi 70 kvadratmetr olan 4 otaqlı mənzildə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 yanğınsöndürən maşını cəlb olunub. Hadisə zamanı evin iki otağı və içəridəki əşyalar yanıb, qalan hissə yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın zamanı təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub. Yanğın qısa vaxtda söndürülüb, alovun bütün binanı əhatə etməsinin qarşısı alınıb.
Hadisə zamanı ailə üzvləri evdə olub. Ev sahibi, 1955-ci il təvəllüdlü Fikrət Tərlan oğlu Məcidov və onun oğlu, 1978-ci il təvəllüdlü Pərviz Fikrət oğlu Məcidov yanıq xəsarətləri alıblar. Hadisənin elektrik naqilində baş verən qısa qapanma səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.