Bursada Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunun açılışı olub VİDEO
Bursa, 28 mart, AZƏRTAC
Martın 28-də türk dünyasının 2022-ci il üçün mədəniyyət paytaxtı Bursa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistandan nümayəndələr iştirak ediblər.
Açılışdan əvvəl türk dövlətlərinin və xalqlarının tarixini, mədəniyyətini, dəyərlərini, birliyini və həmrəyliyini əks etdirən videoçarxlar nümayiş olunub.
Açılışda Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Bursa valisi Yakup Canpolat, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım çıxış ediblər.
İkinci Diaspor Forumunun türk dünyasının 2022-ci ildə mədəniyyət paytaxtı Bursa şəhərində keçirilməsini tarixi hadisə kimi dəyərləndirən natiqlər 2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşünün qarşıya qoyduğu vəzifələrdən bəhs ediblər.
İki gün davam edəcək Forumda TDT-nin diaspor sahəsində gördüyü işlər təhlil ediləcək, qarşıya qoyduğu vəzifələr ətrafında müzakirələr aparılacaq. Tədbirdə türk dövlətlərində diasporçuluğun tarixi və müasir vəziyyətinə dair panellər keçiriləcək.
İkinci Diaspor Forumunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edəcək.
Tədbirdə 12 ölkədən 70-dək nümayəndə iştirak edir.
Panellərdə və ikitərəfli görüşlərdə türk dünyasının diaspor qurumları arasında əməkdaşlıq imkanları müzakirə olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa