Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi şəhidləri Əfqan Nəsirov və Teymur Həsənovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları, Yasamal və Nəsimi rayonları icra hakimiyyətlərinin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.
Anım tədbirlərində əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına şəhidlərimizin ömür və döyüş yolundan bəhs olunub.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi igidlik və şücaət nümunələrindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edilir.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.