20 Yanvar - qan yaddaşımız
Tovuz, 20 yanvar, AZƏRTAC
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar - qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov 20 Yanvar faciəsinin başvermə səbəbləri ilə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, bu faciə Azərbaycanın ərazi bütövlüyünün birbaşa pozulması cəhdidir. Həmin gün keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz etmək üçün küçələrə çıxmış əhaliyə divan tutuldu. Bu hadisədən sonra Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünə və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına inamını birdəfəlik itirdi.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. O dövrdə bu, misli görünməmiş cəsarətli addım idi. Ümummilli Lider imperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirib, faciəni törədənlərin cəzalandırılmasını tələb edib. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Tədbirin sonunda iştirakçılar Mərkəzdə təşkil olunmuş “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisinə baxıblar.