20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi altı il ötür. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Bu fikirlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar keçirilən tədbirdə səslənib.
İnstitutun direktoru Fəxrəddin İsmayılov bildirib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldılar.
“Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar”. Ulu öndər Heydər Əliyevin bu fikirlərini xatırladan F.İsmayılov qeyd edib ki, əsrlər boyu xalqımız böyük tarixi yol keçib. Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Tariximizi öyrənmək, gələcək nəsillərə çatdırmaq əsas vəzifələrimizdəndir. Zaman keçdikcə hər bir hadisənin mahiyyəti daha dolğun şəkildə dərk olunur, düzgün təhlil edilərək ictimaiyyətə çatdırılır. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmi böyük qürur hissləri doğurur.
İnstitutun əməkdaşları Elçin Kazımov, Pərvanə Mollayeva və Bəhruz Məmmədov çıxış edərək bildiriblər ki, 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı. Bakı faciələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər. Bu qanlı hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqi sayıla bilər.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, illər ötdükcə 20 Yanvar hadisələrinin mahiyyəti daha aydın şəkildə üzə çıxır. V.Rəhimzadə ulu öndər Heydər Əliyevin bu fikirlərini xatırladıb: “Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 Yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, burada həqiqət var. Ancaq faciə hansısa səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, bu, ola bilər təbii fəlakət olsun. Amma cəmiyyətdə baş verən hadisənin şübhəsiz ki, səbəbi olur. Ona görə də bu hadisələrə geniş mənada yanaşmaq lazımdır. Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik”.
Vurğulanıb ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu da nümayiş etdirdi.
V.Rəhimzadə diqqətə çatdırıb ki, hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni qətiyyətlə pisləyən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan etdi, günahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş cinayət adlandırdı. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi. Faktların dili ilə əsl həqiqət beynəlxalq ictimaiyyətə çatdırıldı. Son on iki ildə bu siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliği istiqamətində gördükləri işlərdən də geniş bəhs edən V.Rəhimzadə vurğulayıb ki, real faktlara əsaslanan bu təbliğat diplomatik mübarizədə qələbələrimizi şərtləndirir. İşğal altındakı torpaqlarımızın azad olunacağı, şəhid ruhlarının rahatlıq tapacağı gün uzaqda deyil.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın azadlığı, müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ehtiramla anılır. Onların qanı bahasına əldə edilən müstəqilliyimizi qorumaq, möhkəmləndirmək üçün harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir.