20 Yanvar faciəsi xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu dünyaya nümayiş etdirdi
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına minlərlə insan axışırdı. Onlar arasında hər il bu müqəddəs yeri ziyarət etməyi özünə borc bilən eşitmə qüsurlu uşaq bağçasının rəhbəri Sədaqət Cəfərova da var idi.
O, AZƏRTAC-a müsahibəsində bildirib ki, şəhidlərimizin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Mən də soydaşlarımız kimi, hər il gəlib şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm.
S.Cəfərova deyib ki, qanlı faciədən 26 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycanda azadlıq uğrunda mübarizəyə qalxmış dinc insanlara qarşı törətdiyi cinayət dəhşətli terror aksiyasıdır. O qanlı faciə göstərdi ki, xalqımız milli istiqlal və dövlətçilik ideyalarına sıx bağlıdır. Bu faciə sovet imperiyasının qaniçənliyini təsdiqləməklə yanaşı, həm də xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu dünyaya nümayiş etdirdi.
Allahdan şəhidlərimizə rəhmət diləyirəm.