QAN YADDAŞI
20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı qəsd idi VİDEO
Ağsu, 20 yanvar, Adil Ağayev, AZƏRTAC
İyirmi altı il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların və qocaların gülləbaran edilməsi Azərbaycan tarixinin qanla yazılan səhifələrindən biridir. Xalqın azadlıq ruhuna qarşı yönəlmiş bu təcavüz nəticəsində 147 nəfər şəhid oldu, 638 vətəndaşımız yaralandı. Bütün dəhşətlərə baxmayaraq bu qanlı tarix həm də xalqımızın əsrlərdən bəri arzusu ilə yaşadığı azadlıq yolunun məşəli oldu.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarında minlərlə ağsulu şəhərdəki Qəhrəmanlıq kompleksinə, sonra isə Şəhid məzarlığına gələrək bu faciəli, həm də şanlı tariximizin ildönümünü qeyd edib. Qərənfillərlə örtülən xatirə kompleksi və şəhid məzarları insanların Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verənlərin xatirəsinə dərin ehtiramının təcəssümü idi.
İzdihamlı mərasimdə çıxış edənlər hələ o vaxt Moskvada ikən həyatını təhlükəyə qoyaraq bu hadisələrə ilk siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin cəsarətli bəyanatından danışıblar. Qeyd ediblər ki, Ulu Öndər keçirdiyi mətbuat konfransında bu terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, dinc insanlara tutduqları vəhşilikləri isə bütöv bir xalqa qarşı tarixi cinayət adlandırıb.
Həmin gün rayon mədəniyyət sarayında 20 Yanvar hadisələrindən bəhs edən sənədli film göstərilib, “Şəhid ruhlar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.