20 YANVAR FACİƏSİNİN 14-CÜ İLDÖNÜMÜ NAXÇIVANDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD EDİLDİ
Naxçıvan rəssamlar birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda, Naxçıvan Dövlət Universitetində 100-ə yaxın rəsm əsəri qanlı 20 yanvar faciəsini özündə əks etdirir. MR-ka rəhbərliyinin təşəbbüsü ilə Şəhid ailələri ilə görüşlər keçirilmiş, onlara maddi yardımlar verilmişdir. Məktəblərdə, hərbi hissələrdə, idarə və müəssisələrdə keçirilən görüşlərdə çıxış edənlər igid oğullarımızın fədakarlığını yüksək qiymətləndirmiş, hər il 20 yanvarda onların əziz xatirəsini böyük ehtiramla yad edəcəklərini bildirmişlər.
Bu gün yanvarın 20-də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğulların əziz xatirəsini dərin hüznlə yad edən naxçıvanlılar səhər saatlarından başlayaraq Şəhidlər xiyabanına axın-axın gəlir, məzarlar üzərinə əklillər, gül-çiçək dəstələri düzür, məzarlar üzərində dualar oxuyurlar.
Naxçıvan MR-sı Ali Məclisinin sədri Vasif Talıbov, MR-nın digər Dövlət və hökumət rəhbərləri, nazirlik, komitə, şirkət, idarə və müəssisə kollektivləri, məktəblilər və hərbçilərlə yanaşı qardaş Türkiyə dövlətinin, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulları, konsulluqların əməkdaşları, ADRA təşkilatının Naxçıvandakı nümayəndələri Şəhidlər xiyabanına gələrək burada ucaldılmış “Ana abidəsi”, 1918-20-ci illərdə Naxçıvanın erməni işğalından azad edilməsi uğrunda şəhid olmuş türk əsgərlərinin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğulların məzarları üzərinə əklillər və gül-çiçək dəstələri düzmüş, onların əziz xatirəsini dərin hüznlə yad etmişlər.
Bu gün MR-nın Sədərək, Şərur, Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında da 20 Yanvar faciəsinin 14-cü ildönümü yüksək səviyyədə qeyd olunmuş, onların ruhu naminə ehsanlar verilmişdir.