20 YANVAR FACİƏSİNİN 14-CÜ İLDÖNÜMÜ NAXÇIVANDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD EDİLMİŞDİR
Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda, Naxçıvan Dövlət Universitetində nümayiş etdirilən 100-ə yaxın rəsm əsəri qanlı 20 yanvar faciəsindən bəhs edir.
Muxtar respublika rəhbərliyinin təşəbbüsü ilə şəhid ailələri ilə görüşlər keçirilmiş, onlara maddi yardımlar verilmişdir. Məktəblərdə, hərbi hissələrdə, idarə və müəssisələrdə keçirilən görüşlərdə çıxış edənlər igid oğullarımızın fədakarlığını yüksək qiymətləndirmiş, hər il 20 yanvarda onların əziz xatirəsinin böyük ehtiramla yad ediləcəyini bildirmişlər.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğulların əziz xatirəsini dərin hüznlə yad edən naxçıvanlılar yanvarın 20-də səhərdən axın-axın Şəhidlər xiyabanını ziyarət edərək məzarlar üzərinə əklillər, gül-çiçək dəstələri düzmüş, dualar oxumuşlar.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər, nazirlik, komitə, şirkət, idarə və müəssisələrin kollektivləri, məktəblilər və hərbçilər, Türkiyə və İranın Naxçıvandakı baş konsulları və digər qonaqlar Şəhidlər xiyabanına gələrək burada ucaldılmış “Ana abidəsi”nin, 1918-20-ci illərdə Naxçıvanın erməni işğalından azad edilməsi uğrunda şəhid olmuş türk əsgərlərinin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğulların məzarları üzərinə əklillər və gül-çiçək dəstələri düzmüş, onların əziz xatirəsini dərin hüznlə yad etmişlər.
20 Yanvar faciəsinin 14-cü ildönümü Sədərək, Şərur, Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında da qeyd olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, ehsanlar verilmişdir.