20 Yanvar faciəsinin ildönümü Daşkənddə qeyd edilib
Daşkənd, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirib.
Mərasimdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları mərkəzin foyesində 20 Yanvar hadisələrindən bəhs edən fotostendə, uşaqların faciə ilə bağlı əl işlərinə və kitab sərgisinə baxıblar. Onlara Qanlı Yanvar hadisələrindən bəhs edən məlumatlar toplusu paylanılıb.
Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə haqqında sənədli film göstərilib.
Səfirliyin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsi haqqında məlumat verib. O deyib ki, bu faciə xalqımızın qəhrəmanlıq və qürur səhifəsidir və tarixdə həmişə belə də qalacaq. Bildirib ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev faciədən bir gün sonra Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gəlib, burada keçirdiyi mətbuat konfransında Bakıda törədilmiş cinayətlərə görə Mixail Qorbaçov başda olmaqla Sov.İKP MK Siyasi Bürosunun məsuliyyət daşıdığını deyib.
S.Abbasov vurğulayıb ki, xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilib. O, faciəli günlərdə çətinliklə də olsa parlamentin növbədənkənar iclasının çağırılması və orada bu qanlı faciəni törədənlərin ittiham olunması haqqında ətraflı məlumat verib. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin qəhrəmanlığı, onların şəhidlik zirvəsinə ucalması haqqında söhbət açıb.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov bildirib ki, həlak olanların arasında kiçik yaşlı uşaqlar, qadınlar və qocalar da olub. Sürəyya Babayeva mətbəxdə xörək hazırlayarkən, Vera Bessantina evdə divanda oturduğu yerdə, Azad Mirzəyev pəncərənin qarşısında gülləyə tuş gəlib.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğınların təşkilatçılarını və icraçılarını lənətləyib, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən biri olduğunu qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə həsr edilən şeirlər söyləyib, “Siqdiana” Xalq Çalğı Alətləri Orkestrinin ifasında konsert-rekviem səslənib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd