20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Atırauda anım mərasimi təşkil edilib
Atırau, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirib.
Mərasimdə Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayət rəhbərinin müavini Yerkin Kadırqaliyev, vilayətdə yaşayan digər milli-mədəni cəmiyyətlərin üzvləri, ictimaiyyət nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında məlumat verib. O, 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində baş vermiş faciə haqqında məlumat verib.
Tədbirdə Y.Kadırqaliyev, Atırau vilayətindəki almanların milli-mədəni cəmiyyətinin sədri Dumler Aleksadr Filipoviç, koreyalıların milli-mədəni cəmiyyətinin sədri Li Lyudmila Valentinovna, Atırau vilayətində nəşr olunan “Prikaspiyskaya komuna” qəzetinin redaktoru Monastırskaya Lyubov Mixaylovna çıxış edərək bu faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulayıb və Azərbaycan xalqının yanında olduqlarını qeyd ediblər.
Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirilib.
Mərasimin sonunda 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub, ehsan verilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Atırau