20 YANVAR HƏM DƏ MİLLİ AZADLIQ HƏRƏKATININ ZİRVƏSİDİR
Əvvəlcə mərasim iştirakçıları o müdhiş gecədə baş verən hadisələri əks etdirən sərgiyə baxmışlar.
Şəhidlərin və itkin düşmüş soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mərasimdə çıxış edənlər qanlı Yanvar günlərində xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalması ilə yanaşı, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərdiyini bütün dünyaya nümayiş etdirməsini xüsusi vurğulamışlar. Bildirilmişdir ki, ümummilli liderimiz, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev imperiyanın xüsusi xidmət orqanları tərəfindən təqib olunsa da, həyatını təhlükə altında qoyaraq, heç nədən çəkinməyərək, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirmiş və bu faciəvi terroru törədənləri qətiyyətlə pisləmişdir. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışından sonra isə bilavasitə onun təkidli tələbi ilə qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, həmin tarixin ümumxalq hüzn günü kimi qeyd olunması ənənəsi yaranmışdır.
Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında uyuyan mərd mübarizlərin xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsinə əklil qoymuş, məzarların üzərinə tər çiçəklər düzmüşlər.