20 Yanvar hüzn və milli qürur günüdür
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbirdə Azərbaycanın milli müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov 20 Yanvar faciəsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. Vurğulanıb ki, Qanlı Yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. Bu tarix, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurənin oyanış günüdür.
Tədbirdə 20 Yanvar şəhidi, ADU-nun tələbəsi Ülvi Bünyadzadənin qısa, lakin şərəfli ömür yolundan söz açılıb.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrindən danışıb, 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyiblər. Qeyd edilib ki, 20 Yanvar xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.
Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə müstəqilliyimizin qorunub saxlanılmasında gənc nəslin üzərinə böyük vəzifə düşdüyünü söyləyib.
Tələbələr 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan şeirlər söyləyiblər.