20 Yanvar şəhidlərinin xatirəsi Ağdamda və Füzulidə böyük ehtiramla yad edilib
Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olmuş 20 Yanvar faciəsinin 26-cı ildönümü Ağdam rayonunda qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbçilər rayonun girişindəki Şəhidlər abidə kompleksi önünə qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.
Ümumrayon anım mərasimində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çıxışlarda qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən də bəhs edilib.
Tədbirdə Ağdam Dram Teatrının hazırladığı kompozisiya göstərilib.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.
X X X
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Füzuli rayonunda da dərin hüznlə yad edilib. Faciəsinin 26-cı ildönümü ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında anım mərasimləri keçirilib, faciə qurbanlarının xatirəsi yad edilib. Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəni əks etdirən kitab və rəsm sərgisi təşkil edilib.
Yanvarın 20-də rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, əsgərlər rayondakı Şəhidlər xiyabanına gələrək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, abidə kompleksi önünə tər çiçəklər düzüblər.
Burada keçirilən mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin mübarizliyindən danışıb, faciəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Çıxışlarda 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirilib. Bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı səhifəsidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda, xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Faciə qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.