20 Yanvar şəhidlərinin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyində anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəalarının, beynəlxalq hüquq normalarının kobudcasına pozularaq, M.Qorbaçovun birbaşa göstərişinə əsasən sovet ordusunun hərbi hissələri və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilməsi, öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması barədə məlumat verib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin faciənin ertəsi günü ölkəmizin Moskvadakı daimi nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilmiş qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması haqqında söhbət açıb.
Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək 26 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, 100 illər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanacaq, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələri yeni nəsillərə çatdırılacaq.
Səfirliyin foyesində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilib.
Eyni zamanda, Küveytin “ƏL-Kut” televiziya kanalının xəbər buraxılışlarında 20 Yanvar faciəsinə həsr edilmiş filmdən hissələr nümayiş etdirilib.
Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “20 Yanvar” fotoalbomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.