20 Yanvar şəhidlərinin xatirəsi Xarkov şəhərində anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.
Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, anım mərasimində Xarkov Vilayət Dövlət Administrasiyasının rəsmiləri, diplomatlar, bir sıra ali təhsil ocaqlarının müəllimləri və tələbələr, diaspor fəalları və media təmsilçiləri iştirak ediblər.
Tədbirə qatılanlar əvvəlcə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Mərasimdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, 26 il bundan əvvəl başda Mixail Qorbaçov olmaqla, totalitar sovet rejiminin Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdiyi amansız qətliamlar barədə ətraflı məlumat verib. Həmçinin o, 20 Yanvar gecəsində ölkəmizin cəsur oğul və qızlarının göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Fəxri konsul ölkəmizin informasiya blokadasına alındığı bir zamanda ulu öndər Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi hərbi siyasi cinayətin dünya ictimaiyyətinə çatdırılmasındakı tarixi xidmətlərindən də danışıb. O, bu gün ölkəmizin 20 faiz ərazisinin erməni işğalı altında olduğunu diqqətə çatdırıb və Prezident İlham Əliyevin əmrinə əsasən, qüdrətli Azərbaycan Ordusunun istənilən an torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğunu vurğulayıb.
Anım mərasiminə qatılanlar Azərbaycan Televiziyasının hazırladığı “Qanlı Yanvar” sənədli filmini izləyib, 26 il öncə totalitar sovet hakimiyyətinin Azərbaycanda həyata keçirdiyi amansız qətliamlarla tanış olublar.
Filmə baxdıqdan sonra çıxış edən Xarkov Ticarət və İqtisadiyyat Kollecinin prorektoru Nikolay Podarel, iqtisad elmləri doktoru Murad Ömərov, tarixçi alim Anatoli Kançarenko və digər rəsmi şəxslər 1990-cı ilin 20 yanvar gecəsində Azərbaycanda amansız qətliamlara şərait yaradan o vaxtkı sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu vurğulayıblar. Tarix boyu dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan və Ukrayna xalqlarının böyük məşəqqətlərə məruz qaldıqlarını bildirən natiqlər, şəhidlərin qanı bahasına dövlət müstəqilliyini qoruyub saxlayan Azərbaycan xalqına güc və müdriklik, işğal altındakı torpaqlarımızın isə tez bir zamanda azad olunmasını arzulayıblar.
Mərasimdə Azərbaycan xalqının şanlı və şərəfli tarixi olan 20 Yanvar hadisələrinin qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı bildirilib.