20 Yanvar xalqımızın qan yaddaşında daim milli qürur və şərəf günü kimi qalacaq
Mingəçevir, 20 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Yanvarın 20-də Mingəçevir şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində Şəhidlər xiyabanında həzin musiqi səsləndirilib. Şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar.
Ümumşəhər anım mərasimində qeyd olunub ki, o qanlı şənbə gecəsində xalqımız müstəqilliyini və azadlığını hər şeydən uca tutduğunu bir daha sübut edib. Uzun illər boyu bu faciə xalqımızın qan yaddaşında milli qürur və şərəf günü kimi yaşayacaq, yeni nəsli qəhrəmanlıq dastanları yazmağa ruhlandıracaq. Bu gün saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi, Mingəçevirdə də 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri ilə görüşərək onların problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Şəhidlər xiyabanında geniş quruculuq-abadlıq işləri aparılıb, “Şəhidlər” abidə kompleksi və 211 şəhidin məzarı yenidən bərpa edilib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.