20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat bağının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anma mərasimi keçirilib.
Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olduğunu söyləyib. Həmin günün uzun illər Sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsini ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğu vurğulanıb. Qeyd edilib ki, qanlı hadisənin ertəsi günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Tədbirdə İnstitut direktorunun elmi işlər üzrə müavini Eldar Novruzov “20 Yanvar - xalqımızın qəhrəmanlıq tarixi” mövzusunda məruzə ilə çıxış edib. Vurğulanıb ki, 20 Yanvar Azərbaycan tarixinin həm şərəfli, həm də faciəli tarixi kimi milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olub.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film göstərilib.