20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış səhifədir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə universitetin rektoru, professor Asif Hacıyev 26 il əvvəl sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi silahlı təcavüzün tarixdə insanlığın məruz qaldığı ən ağır cinayətlərdən olduğunu vurğulayıb. Rektor bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu tarix azərbaycanlıların azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. “Azadlıq verilmir, qazanılır!”, - deyən professor A.Hacıyev qeyd edib ki, Azərbaycan ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində azadlıq qazandı.
Digər çıxışlarda da bildirilib ki, Vətənin mübariz övladlarının müstəqillik uğrunda canlarını qurban verməsi xalqımızın azadlıq arzusunun dönməzliyinin göstəricisidir. Natiqlər Qanlı Yanvarın ictimai-siyasi əhəmiyyətindən də söz açıb, bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər.
BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri 20 Yanvara həsr olunmuş şeirlər səsləndiriblər.